قالب وردپرس درنا توس

Gəncə hadisələri birbaşa ölkədə dövlətin və hüququn iflasa uğramasının nəticəsidir – İsmayıl Şabanov

Məlum olduğu kimi, iyul ayının 3-də Azərbaycanda Gəncə şəhərinin meri Elmar Vəliyevin həyatına sui-qəsd cəhdi törədildi. Bu, hüquq-mühafizə orqanları ilə məmur özbaşnalığına qarşı çıxan etirazçılar arasında qarşıdurmalara səbəb oldu və nəticədə iki polis polkovniki də həlak oldu. Bəri başdan deyim ki, biz qurbanların ailələrinə başsağlığı verir və bir mənalı olaraq Azərbaycanda xaosun yaranmasının və qan tökülməsinin tərəfdarı deyilik.

Bu hadisələrlə əlaqədar olaraq, Azərbaycan hakimiyyətinin nümayəndələri bir sıra tələsik və məsuliyyətsiz bəyanatlarla çıxış ediblər. Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov məni “ad-san qazanmış talış separatçısı” adlandıraraq, ətrafımı bütün respublikanı sarsıdan hadisələrə dəstək verməkdə ittiham edib. Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev isə mətbuatda çıxış edərək, bu işlərdə Rusiyanın xüsusi xidmət orqanlarını ittiham edib.

Hər şeydən öncə qeyd etmək istərdim ki, Gəncədə baş verənləri KİV və sosial şəbəkələrdən izləsəm də indiyə kimi bu hadisələr barədə, məndə mötəbər informasiya olmadığından və baş verənlər bütün konturları ilə mənə aydın olmadığına görə, heç bir mövqe bildirməmiş, hətta sosial şəbəkədə bu barədə heç bir münasibət sərgiləməmişəm. Belə olan halda Əli Həsənovun müştəbehliyi, və xüsusən də məni Gəncədə baş verənlərlə bağlamaq təşəbbüsündə bulunması mənim üçün müəmma olaraq qalır. O ki, qaldı “adlı-sanlı separatçılığa”, Əli Həsənov bir dəfəlik dərk etməlidir ki, bu sahədə onun təmsil etdiyi klanın və xüsusən mənəvi atası olan Heydər Əliyevin analoqsuzluğuna çətin ki, bundan sonra dünya hansısa formada şahidlik edə bilsin.

Yaxşı olardı ki, Azərbaycanda avtoritar rejimin ən mənfi imicli xidmətçiləri kimi “ad-san” qazanan Əli Həsənov kimi məmurlar nə dediyinin fərqində olmasının məsuliyyətini dərk etsinlər və birbaşa təmsil etdikləri rejimin apardığı anti-xalq və anti-insani siyasətlərinin nəticəsi kimi qazandıqlarında xaricdə yaşayanları ittiham etməsinlər. Bu admalar nəhayət dərk etməlidirlər ki, bir elektrik stansiyasının sıradan çıxması ilə ölkədə xaosa səbəb olan proses qeyri-peşəkarlığın, bacarıqsızlığın və əlihəsənov kimi insanların yerində olmamasının nəticəsidir.

Ona da şübhə etmirik ki, Azərbaycan hakimiyyəti bu vəziyyətdən çıxmaq üçün qətllər törətmək də daxil olmaqla müxtəlif provokasiyalara rəvac verəcək, bütün bunlarda özlərinin birbaşa günahkar olmalarına baxmayaraq, vətəndaşların əhval-ruhiyyəsini manipulyasiya etməkdə və günahkarları ətrafda axtarmağa davam edəcək.

Biz öz tərəfimizdən yaranmış situasiyada Talış bölgəsində yaşayan əhalini heç bir təxribatlara uymamağa və hakimiyyətin yarada biləcəyi provokasiyalarda iştirak etməməyə çağırırıq. Biz eyni zamanda Azərbaycan hakimiyyətini Talış bölgəsində hər hansı bir təxribat etməyə cəhd etməklə bağlı xəbərdar edir və bunun onlara baha başa gələcəyini bəri başdan bildiririk. Biz bir dəfə artıq günahsız insanların öldürüldüyü Nardaranda baş verən hadisələrin şahidi olmuşuq. Biz onun da şahidiyik ki, hakimiyyət bu avantyuranın uğurlu alınması üçün öz polislərini necə qurban vermişdi.

Sadə xalq kütləsinə qarşı provokasiyalar, qətllər və ümumiyyətlə ölkədə mövcud durumla bağlı bütün məsuliyyət Azərbaycan hakimiyyətinin üzərindədir. Məhz bu hakimiyyətin yarıtmaz siyasəti nəticəsində bu gün sıravi vətəndaşlar yaranmış situasiyadan çıxış yolu görmədiyi üçün intihar həddindədirlər. Bu birbaşa ölkədə dövlətin və hüququn iflasa uğramasının nəticəsidir. Məgər Azərbaycanda hüquqi-dövlət institutların məhv edilməsində, ailə-klan hakimiyyətinin formalaşmasında bizmi günahkarıq? Əgər hakimiyyət özünün provokasiyalarını davam edəcəksə, bu onlar üçün daha fəlakətli nəticələrə səbəb olacaqdır. Belə çirkli oyunlar ilk növbədə vəziyyətin öhdəsindən gələ bilməyən və baş verənlər üçün məsuliyyəti kiminsə üstünə qoymaq üçün günah keçisi tapmaq istəyənlərin işidir.

Mən bir daha baş verənlərdə zərərçəkən bütün insanlara baş sağlığı verir və bəyan edirəm ki, kiməsə təmiz adımızı ləkələməyə qətiyyətlə imkan verməyəcəyik.

 

İsmayıl Şabanov – Rusiya Federasiyası Prezidentinin yanında Milli Məsələlər üzrə Şuranın üzvü, “Rusiyanın Talış Diaspora” İctimai Təşkilatının sədri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *