Baxışlarımız

İnsan haqlarına dair nizamnamələrə və bu sahədəki standartlara əməl edilməsi, inkişaf etmiş cəmiyyətin tələblərindən biridir və təbii ki, birdən-birə yaranmayan bir prossesdir. Bundan ötrü dövlətlər və cəmiyyətlər səviyyəsində əsaslı infrastruktura, sərmayəyə, təhsilə və təcrübəyə ehtiyac var. Bu prosses bəzi Avropa dövlətlərində dəqiqliklə həyata keçirilib və bəzi millətlər bundan faydalanmaqdadırlar. Eyni zamanda, təəssüf ki, dünya xalqlarının tam əksəriyyəti öz insan hüquqlarından məhrumdurlar.

Məqsədimiz, dünyada olan hər bir millətin, irqin və dinin nümayəndələrinin eyni hüquqlara malik olmalarına şərait yaratmaqdan ibarətdir. Müsəlmanların 2-ci İmamı Həzrət Müctəba əleyhissəlamın 14 əsr bundan qabaq dediyi kimi, “özün üçün istədiyin şeyi başqaları üçün də istə, özünə rəva bilmədiyini başqalarına da rəva bilmə!”.

Hazırda, insan haqları məsələsi ikili standartlar yeridən siyasi qüdrətlərin əlində bir bəhanəyə çevrilmişdir: özlərinə xeyri olan yerdə insan hüquqlarından müdafiəyə qalxır, özlərinin və müttəfiqlərinin zərərinə olduqda isə susur və özlərini görməməzliyə vururlar. Bu, qüdrətlərin hakimiyyətinə hakim kəsilən ideologiya və düşüncələrdən qaynaqlanan acı bir həqiqətdir.

Bir tərəfdən qərbli nəzəriyyəçi və mütəfəkkirlər haqqın bəyan edilməsində, azadlıq və liberallıq ideologiyası ilə gözəl maskalanaraq ictimai və dini məsələlərə münasibətdə ikili standartlara, ayrı-seçkiliyə yol verən qərəzli siyasət yeridirlər, digər tərəfdən isə, solçular və marksistlər  bərabərlik prinsipini əsas tuturlar. Amma zənnimizcə, hazırda bəşəriyyətin istəklərini ödəyə biləcək meyar – “əxlaqa söykənən azadlıq” və “ədalətə əsaslanan iqtisadiyyatdır”.  Belə bir meyar, real şəraitdə və olduğu kimi həyata keçirilərsə, BMT-nin İnsan Hüquqları Təşkilatının Nizamnaməsinin prinsiplərinə uyğun ola bilər.

Ona görə də istəyirik ki, insan hüquqlarına dair xəbərləri təkrarən yaymaqla, bu məsələyə beynəlxalq səviyyədə diqqəti yonəltməklə, inkişaf etmiş dövlətlərdə yaşayan insan hüquqlarının pozulması və beynəlxalq insan hüquqları üzrə ekspertlərdən eksklüziv müsahibələr almaqla, ümumi fikri elə bir istiqamətə yönəldək ki, dünya xalqları öz dövlətlərindən və siyasətçilərindən insan hüquqlarına dair məsələlərdə ayrı-seçkiliyə və ikili standartlara yol verməmələrini, öz xalqları üçün istədiklərini başqa xalqlar üçün də istəmələrini tələb etsinlər.

Bu üzdən də, Avropa dövlətlərindəki seçicilərin səslərinə hörmətlə yanaşıldığı kimi,  Fələstin, Bəhreyn, Yəmən kimi başqa ölkələrin seçicilərinin səsləri də dəyərlidir. Terror hücumları zamanı Avropa və ABŞ vətəndaşlarının həlak olmaları dərhal və kəskin şəkildə məhkum olunduğu kimi,  digər dövlətlərdəki, o cümlədən böhranların hökm sürdüyü Qərbi Asiya ölkələrindəki terrorçu dövlətlər və terror qrupların sivil əhalini bombalaması, gündəlik olaraq qətliamlara məruz qoyması, dini və siyasi xadimlərin və alimlərin terror edilməsi məhkum edilməli və bu cür hallara qarşı kəskin mübarizə aparılmalıdır. Çünki bizim əqidəmizə görə, bəşəriyyətin bütün üzvlərinin qanı və şəxsiyyəti eyni dərəcədə hörmətə layiqdir.